TürkPA-nın baş katibi Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Bakı, 29 dekabr, AZƏRTAC
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. O, 2018-ci ilin Azərbaycana və bütün türk dünyasına sabitlik, uğur və əmin-amanlıq gətirməsini arzulayıb.
AZƏRTAC xəbər verir ki, baş katib 2018-ci ildə TürkPA tərəfindən həyata keçiriləcək bütün fəaliyyətlərin başda Azərbaycan olmaqla türkdilli ölkələrin ortaq əməkdaşlığına daha çox töhfə verəcəyini və gələcək üçün daha böyük nailiyyətlərə imza atılacağını qeyd edib.
Xatırladaq ki, bu il dekabrın 8-də Türkdilli Ölkələrin Parlament Assambleyasının Bişkekdə keçirilən 7-ci plenar sessiyasında Altınbek Mamayusupov TürkPA-nın yeni baş katibi seçilib.