ÜAK-IN ÜÇÜNCÜ QURULTAYI 2010-CU İLİN BİRİNCİ YARISINDA KEÇİRİLƏCƏK
Moskva, 28 dekabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev 2009-cu ilin yekunlarını şərh edərək AZƏRTAC-ın xüsusi müxbirinə demişdir: “Rusiyadakı Azərbaycan diasporu üçün yola salmaqda olduğumuz il zəngin və dünya iqtisadi böhranı ilə əlaqədar mürəkkəb olmuşdur. İqtisadi problemlər təkcə Rusiyada deyil, postsovet məkanında da vardır. Ümumrusiya Azərbaycan Konqresi ictimai təşkilat kimi soydaşlarımızı mənən də olsa dəstəkləmək üçün əlindən gələni etmişdir”.
Onun sözlərinə görə, 2008-ci ildə ÜAK milli mədəniyyətimizin və dilimizin qorunub saxlanmasına yönəldilmiş fəaliyyətini davam etdirmiş, Azərbaycanın və Rusiyanın əlamətdar tarixi hadisələri ilə əlaqədar müxtəlif tədbirlər keçirmiş, təşkilatın üzvləri Rusiya və Azərbaycanın bütün birgə tədbirlərində fəal iştirak etmişlər. Yeni il ərəfəsində “Azərbaycan Konqresi” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti dərc edilmişdir. Müraciətdə Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışılır, ən ciddi problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarından söhbət açılır. E.Quliyev demişdir: “Rusiyanın Azərbaycan diasporu dövlətimizin başçısı İlham Əliyevin münaqişənin nizama salınması istiqamətində fəaliyyətini tam dəstəkləyir və ümidvardır ki, bu səylər sayəsində məsələnin ədalətli həllinə nail olunacaqdır. Təşkilatımız gələn il Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirilməsi üçün səylərini fəallaşdıracaq, obyektiv informasiyanın yayılması məqsədi ilə Rusiya ictimaiyyəti ilə işləyəcəkdir. Çünki heç də həmişə rusiyalılara bu problem barədə düzgün məlumat verilmir, belə ki, əks istiqamətdə işləyən başqa təbliğat da vardır. Biz hər yerdə onların yalanını üzə çıxarmalı, Azərbaycan rəhbərliyinin bu istiqamətdə səylərini dəstəkləmək üçün əlimizdən gələni etməliyik”.
ÜAK-ın icraçı direktoru vurğulamışdır ki, 2009-cu ildə təşkilatın Rusiya üzrə bölmələrinin sayı artmışdır. Artıq Rusiya Federasiyasının təxminən 80 subyektində konqresin regional təşkilatları fəaliyyət göstərir. O demişdir: “Təkcə təşkilatın üzvlərinin sayının artırılması üçün deyil, həm də onların soydaşlarımızın mənafeyi naminə real fəaliyyət göstərməsi üçün çox işlər görülmüşdür. Gəncləri də dəstəkləməyə çalışırıq. Məsələn, ÜAK Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılması təşəbbüsünü fəal dəstəkləmişdir və RAGT-nın gənclər klubları Rusiyanın ÜAK-ın regional bölmələrinin uğurla fəaliyyət göstərdiyi bütün zonalarında yaradılmışdır. Hazırda gənclər hərəkatı möhkəm və çoxşaxəli qurumdur. Bu istiqamətdə gələn il də işlər davam etdiriləcəkdir”.
Gələn il üçün planlardan danışan Eldar Quliyev bildirmişdir ki, hazırda konqresin növbəti, üçüncü qurultayına hazırlıq görülür. ÜAK-ın icraçı direktoru sonda demişdir: “Qurultayı bu ilin sonunda keçirməyi planlaşdırırıq. Məqsədimiz ötən beş ilə yekun vurmaq, təşkilatımızın növbəti beş il üçün məqsəd və vəzifələrini müəyyənləşdirməkdir. Vəzifələrimizdən biri də yerli hakimiyyət orqanları ilə səmərəli əməkdaşlıqdır. Biz artıq müəyyən uğurlar qazanmışıq, bilirik ki, bu əməkdaşlıq sayəsində soydaşlarımızın bir çox problemləri həll olunur. “Yedinaya Rossiya” partiyası ilə çox yaxşı münasibətlərimiz vardır. Bu əməkdaşlıq Rusiyada yaşayan soydaşlarımızın mənafeyi naminə davam etdiriləcəkdir. Bir sözlə, ictimai təşkilat kimi fəaliyyətimiz diasporumuzun mövqeyinin, habelə Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə yönəldirilmişdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva