UEFA-NIN SAYTINDA BAKIDA FUTBOL AKADEMİYASININ AÇILIŞ MƏRASİMİ HAQQINDA MƏQALƏ YERLƏŞDİRİLMİŞDİR
Bakı, 27 fevral (AZƏRTAC). UEFA-nın rəsmi saytında Bakıda UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə tikilmiş Futbol Akademiyasının açılış mərasimi haqqında məqalə yerləşdirilmişdir. AZƏRTAC həmin məqalənin tam mətnini oxuculara təqdim edir.
AFFA AKADEMİYA AÇMIŞDIR
Bazar ertəsi UEFA-nın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) maliyyə dəstəyi ilə tikilmiş Azərbaycan Futbol Akademiyasının açılışı olmuşdur.
Açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, FİFA-nın İcraiyyə Komitəsinin üzvü və UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan-Mişel Beneze, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları iştirak etmişlər.
R.Abdullayev giriş sözündə mərasim iştirakçılarını salamlayaraq, bu mühüm hadisə münasibətilə futbol ictimaiyyətini ürəkdən təbrik etmişdir. AFFA-nın prezidenti Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramının əhəmiyyətini vurğulayaraq demişdir: “Hamımıza yaxşı məlumdur ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən futbolun da inkişafı üçün hər cür şərait yaradılmışdır. Futbol Akademiyasının tikilməsi Azərbaycan futbolunun tarixində əlamətdar hadisədir. UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə tikilmiş bu akademiya ölkəmizdə uşaq futbolunun inkişafında mühüm rol oynayacaqdır. Göstərdiyi köməyə görə UEFA rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.
Yeni Akademiyada bütün müasir standartlara cavab verən şərait yaradılmışdır. Eyni vaxtda 27 nəfərlik komandanın yerləşə biləcəyi kompleksdə ən müasir texniki səviyyədə təchiz edilmiş konfrans salonu, həkim kabinetləri, fitnes-zal, üzgüçülük hovuzu və sauna vardır.
Abdullayev daha sonra demişdir: “Mən əminəm ki, gələcəkdə bu akademiyanın yetirmələri beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edəcək, yığma komandanın və klubların heyətində bacarıqlı futbolçular olacaqlar”.
UEFA-nın vitse-prezidenti Şenes Erzik də sevincini ifadə etmişdir. O demişdir: “Mən son dörd ildə burada olmamışam. Bu əlamətdar gündə burada iştirak etməyimə sevinirəm. Akademiyanın təməlinin qoyulması mərasimində iştirak etmiş Yozef Blatterin və Mişel Platininin salamlarını sizə çatdırmaq istəyirəm. Bu gün biz Azərbaycan futbolunun tarixində daha bir əlamətdar hadisənin şahidləriyik”.
Şenes Erzik sonra R.Abdullayevlə birlikdə UEFA-nın xatirə lövhəsini açmış və Akademiyanın binasının girəcəyindəki rəmzi qırmızı lenti kəsmişdir. O, daha sonra demişdir: “İnanıram ki, akademiya Azərbaycanda futbolun inkişafında mühüm rol oynayacaqdır. Biz bundan sonra da AFFA-ya kömək edəcəyik, çünki bu Assosiasiya futbolun inkişaf etdirilməsi üçün düzgün siyasət seçmişdir”.
Sonra AFFA-nın rəhbərləri və qonaqlar akademiya ilə tanış olmuş, AFFA-nın inzibati binasının yanında tikilmiş süni örtüklü meydançaya baxmışlar.