UFC döyüşçüsü Tahir Abdullayevin meneceri: Bakıda qələbə qazanacağımıza inanırdıq
Bakı, 29 iyun, AZƏRTAC
Bakıda təşkil olunan UFC turniri həm təşkilatçılıq, həm də Azərbaycan döyüşçülərinin çıxışı baxımından yüksək səviyyədə keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıdakı UFC turnirində qələbə qazanan Azərbaycan idmançısı Tahir Abdullayevin meneceri Şiraslan Kərimov deyib.
O bildirib ki, UFC turnirinin Azərbaycanda keçirilməsi ölkə idmanı üçün əlamətdar hadisədir: "Bu, böyük idman bayramıdır. İlk dəfə ötən il keçirilən turnir bizim üçün ciddi təcrübə olmuşdu. Bu dəfə yarışın Milli Gimnastika Arenasında təşkili isə çox uğurlu seçim idi. İnfrastruktur baxımından bu arena Azərbaycanın ən mükəmməl idman qurğularından biridir. Təşkilatçılıq yüksək səviyyədə idi. Həm parterdə, həm də tribunada əyləşən tamaşaçılar döyüşləri rahat şəkildə izləyə bildilər. Mən özüm də tribunadan izlədim və əmin oldum ki, Milli Gimnastika Arenası bu cür tədbirlər üçün çox doğru seçimdir".
Ş.Kərimov Tahir Abdullayevin UFC-dəki uğurlu debütü ilə bağlı da fikirlərini bölüşüb. İdmançının meneceri bildirib ki, döyüşçünün UFC ilə müqavilə bağlayacağı əvvəlcədən gözlənilirdi: "Tahir Abdullayev ABŞ-yə yollananda artıq hiss edirdik ki, UFC ilə müqavilə bağlamaq vaxtı yetişib. Xarici menecerimiz Vlad Nikitin vasitəsilə danışıqlar aparılırdı. Əvvəlcə bizə Əbu-Dabidə keçiriləcək turnirdə italiyalı rəqiblə döyüş təklif olunmuşdu. Daha sonra plan dəyişdi və Tahirin Bakıda çıxış etməsi variantı irəli sürüldü. Biz də tərəddüd etmədən razılaşdıq. Çünki hər bir döyüşçü üçün doğma azarkeşlər qarşısında vuruşmaq böyük üstünlükdür. Futbolda deyildiyi kimi, azarkeşlər 12-ci oyunçudur. Bu dəstəyi Tahir də hiss etdi. Onun üçün bu amil əlavə təzyiq deyil, əksinə, motivasiya idi".
Mütəxəssis rəqibin adının son anda dəqiqləşdiyini söyləyib: "Cefferson Nasimento ilə döyüşəcəyimizi cəmi bir həftə əvvəl öyrəndik. Bildirildi ki, o, debütantdır, LFA (Legacy Fighting Alliance) təşkilatının çempionudur, kəmərini iki dəfə qoruyub və məğlubiyyəti yoxdur. Təklifi qəbul etdikdən sonra onun döyüşlərini analiz etdik. Bu rəqibin döyüş üslubu bizə uyğun idi. Tahir ayaqüstü döyüşü sevən idmançıdır. Onun 19 qələbəsinin 17-si vaxtından əvvəl əldə olunub. Bunlardan 10-u nokaut, 7-si isə boğucu və ağrıdıcı fəndlərlə qazanılıb. Hazırlığımız əsasən Amerikada keçmişdi. Rəqib son anda dəyişdiyi üçün məhz ona uyğun tam hazırlıq keçmək imkanımız olmadı və müəyyən mənada improvizasiya etdik".
Ş.Kərimov Tahir Abdullayevin qələbəsinə əvvəlcədən inandıqlarını da vurğulayıb: "Tahir bundan əvvəl daha güclü rəqiblərlə qarşılaşıb. O, Həbib Nurməhəmmədovun komandasından Şahban Alxasov, Danir Skibinski, Maksim Butorin kimi güclü döyüşçülərlə vuruşmuşdu. Buna görə də qələbəyə inanırdıq. Sadəcə gözləmirdik ki, rəqib bu qədər ehtiyatlı döyüşəcək və açıq qarşıdurmadan yayınacaq".
O, Azərbaycan idmançısının növbəti döyüşünün vaxtının hələ müəyyənləşmədiyini bildirib: "Bu məsələlər UFC rəhbərliyinin qərarından asılıdır. Yaxın vaxtlarda yeni təklif gözləmirik. UFC-nin qaydalarına əsasən, Tahir bir neçə həftə istirahət etməlidir. Əlbəttə, bəzən son anda əvəzedici döyüşçü kimi dəvət almaq mümkündür. Lakin biz buna arxayın olmaq istəmirik. Növbəti döyüşə tam hazır olmaq, ən azı 4-5 həftəlik təlim-məşq toplanışı keçmək niyyətindəyik".
Müxbir – Cavid Əliyev