Ukrayna Niderland ilə təhlükəsizlik təminatlarına dair danışıqlara başlayıb
Kiyev, 20 avqust, AZƏRTAC
Ukrayna Niderland ilə təhlükəsizlik təminatlarına dair ikitərəfli memorandum üzrə danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Ryütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı söyləyib.
Ryütte bildirib ki, Zelenski ilə bugünkü görüşdə ölkəsinin Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı danışıqlara başlayıb.
"Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik", - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, avqustun 20-də Prezident Volodimir Zelenski Niderlanda səfərə gəlib. Ukrayna Prezidenti və Niderlandın Baş naziri artıq görüşüb və F-16 təyyarələrinin yerləşdiyi hərbi bazaya baş çəkiblər. Görüşdən sonra Mark Ryütte bəyan edib ki, Niderland və Danimarka F-16 təyyarələrini Ukraynaya təhvil verməyə sadiqdir.
O cümlədən gündəmdə qlobal Sülh sammiti, Sülh formulu, Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub.
Xatırladaq ki, iyulun 12-də NATO sammiti zamanı G7 ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik təminatları haqqında bəyannaməni razılaşdırıblar. İsveç, Danimarka, İslandiya, Norveç və Finlandiya da G7 liderləri tərəfindən razılaşdırılan Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməni dəstəkləmək qərarına gəliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev