Ukrayna portalı latviyalı deputatlardan sitat gətirir: “Qarabağ Azərbaycanın tərkibinə qaytarılmalıdır”
Kiyev, 25 aprel, AZƏRTAC
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, latviyalı deputatlar ermənilərin bu yaxınlarda Dağlıq Qarabağda törətdiyi növbəti provokasiyaya laqeyd qalmayıblar. Ukraynanın 24news.com.ua portalı buğun, aprelin 25-də “Latviya parlamentinin deputatları: “Qarabağ Azərbaycanın tərkibinə qaytarılmalıdır” sərlövhəli material dərc edib: http://24news.com.ua
Ukrayna xəbər saytının Riqadakı xüsusi müxbiri Vladimir Reşetov deputatlardan bu materialı şərh etmələrini xahiş edib.
“VIENOTIBA” (“Birlik”) partiyasının hakim koalisiyasının deputatı Martinş Şits deyib:
-Dağlıq Qarabağda məlum hadisələrin başlanmasının üçüncü günündə Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun deputatları, o cümlədən mən də Azərbaycanın Latviyadakı səfirliyinə getdik, səfir ilə görüşdük və Azərbaycanı dəstəklədiyimizi bildirdik. Məlum olduğu kimi, Qarabağ işğal olunub və biz hesab edirik ki, tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz tam aydındır. Azərbaycan tarixi dövlət sərhədlərini bərpa etməlidir.
Ukraynalı jurnalist “SASKĀŅA” (“Həmrəylik”) partiyasından parlamentin üzvü İqor Zuyevin də fikrini sitat gətirir:
-Mən hərbiçi kimi deyil, parlamentin üzvü kimi danışacağam. Mən hər hansı tərəfdaşla danışmağa hazıram. Axı biz söhbət etməyi, bir-birimizi dinləməyi yadırğamışıq. Tərəflərin bir-birini dinləmək istəməməsi üzündən dünyada nə qədər münaqişə baş verir! Əyləşmək, söhbət etmək, razılığa gəlmək lazımdır. Parlamentləri bir təsisat kimi ləğv etsək, onda yalnız müdafiə nazirlikləri bir-biri ilə danışacaqlar, özü də topların, tankların, avtomatların dilində...
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev