UKRAYNA PREZİDENTİ HÖKUMƏTİN İSTEFAYA GÖNDƏRİLMƏSİNİ QANUNSUZ SAYIR
O, “qanunsuz və konstitusiyaya zidd qərarı” ilə əlaqədar parlamentin buraxılmasının mümkünlüyünü istisna etmir.
Prezident vəd etmişdir ki, Kiyevə qayıtdıqdan sonra Ali Radanın qərarına daha ətraflı şərh verəcəkdir. O demişdir: “İstəyirəm ki, mənim hüquqşünaslarım və hökumətin hüquqşünasları bu məsələ üzərində işləsinlər. Artıq bundan sonra biz öz mövqeyimizi qəti şəkildə açıqlayacağıq”.
Ukrayna Nazirlər Kabinetinin başçısı Yuri Yexanurov isə bildirmişdir ki, Ali Radanın sədri Vladimir Litvinin hökumətin istefası məsələsini səsverməyə çıxarmağa haqqı yox idi. O vurğulamışdır ki, hökumətin istefasının heç bir hüquqi nəticəsi olmayacaqdır. Biz “icra edən” adı ilə işləyəcək və beynəlxalq əlaqələri xeyli məhdudlaşdıracağıq. Əminəm ki, indiki hökumət yazadək fəaliyyət göstərəcəkdir.
Konstitusiya islahatına görə, Ali Rada yeni hökuməti ancaq parlament seçkilərindən (martda keçiriləcək) sonra təyin edə bilər. Lakin Rada Konstitusiyaya yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən istifadə edərək, Nazirlər Kabinetini istefaya göndərmişdir.
Parlamentin bu qərarına səbəb odur ki, deputatlar Rusiyadan qaz göndərilməsi haqqında yanvarın əvvəlində imzalanmış sazişə razı deyillər. Radanın sədri Litvin demişdir ki, indiyədək Ukrayna bütün beş il ərzində Rusiya qazının hər min kubmetrinin 95 dollara göndəriləcəyinə təminat almamışdır.