Ukrayna silahlı qüvvələri “Javelin” raketlərini əldə edib
Kiyev, 24 iyun, AZƏRTAC
Ukrayna silahlı qüvvələrinin ehtiyacının ödənməsi məqsədilə “FGM-148E” raketləri əldə edilib. Bu raketlər “Javelin” tank əleyhinə raket kompleksinin son modifikasiyalarından biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir: “Pilot layihəsi çərçivəsində Ukraynaya iyunun 16-da ABŞ-ın “Beynəlxalq hərbi satışlar” proqramı üzrə 2019-cu ilin dekabrında imzalanmış sazişə uyğun olaraq yükün ilk partiyası - ümumilikdə 27 milyon ABŞ dolları dəyərində tank əleyhinə “Javelin” raket kompleksinə raketlər və köməkçi avadanlıq daxil olub”.
Razılaşmalara müvafiq olaraq, hərbi təyinatlı digər malların tədarükü 2021-2022-ci illərdə nəzərdə tutulur.
“Ümumi dəyəri 36,5 milyon ABŞ dolları olan sazişin icrası Ukraynanın müdafiə qabiliyyətinin dəstəklənməsi naminə Ukrayna-Amerika strateji əməkdaşlığının inkişafı yolunda mühüm addımdır və Ukrayna Müdafiə Nazirliyinin silahlanma və hərbi texnika sahəsində tərəfdaş dövlətlərlə birbaşa xarici iqtisadi danışıqların həyata keçməsində yeni perspektivlər açır”, - deyə Ukrayna Müdafiə Nazirliyində əlavə ediblər.
ABŞ-ın 2018-ci ilin martında Ukraynaya bu sahədə təsdiqlədiyi yardıma 210 raket və 37 “Javelin” işəsalma qurğusu daxil edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev