Ulu Öndər Heydər Əliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirib
Bakı, 17 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN-in şəxsi heyəti iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan danışıb, müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi titanik fəaliyyətdən bəhs edib.
XRXX-nin rəis müavini general-mayor Raul Zeynalov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu istər keçmiş sovet, istərsə də müstəqillik illərində azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiyini, onun ideyalarının əsasında azərbaycançılıq, Vətən, xalq, millət sevgisinin və dövlətə sədaqət hissinin dayandığını bildirib.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi qiymətləndirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor Rəna Mirzəzadə həmin tarixdən sonra bütün sahələrdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini məmnunluq hissi ilə dilə gətirib.
Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycanın regionun lideri olmaqla yanaşı, həm də beynəlxalq məkanda qüdrətli dövlət kimi nüfuz qazandığını qeyd edib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov tədbirdə “Heydər Əliyev və milli dövlətçilik ideyası” mövzusunda çıxış edib.
Sonda Ümummilli Liderin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.