“Ulu Öndər Heydər Əliyev: həyatın unikal səhifələri” – BDU-da tədbir
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və Z.Xəlilov küçəsi, 33 ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev: həyatın unikal səhifələri” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən Z.Xəlilov küçəsi, 33 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etdiyini, onun müstəqil Azərbaycan dövlətinin memarı olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev daim xalqımızın xoşbəxtliyi, Azərbaycanın inkişafı üçün çalışıb.
Ulu Öndər Heydər Əliyev ideyalarının əhəmiyyətindən bəhs edən Z.Cəfərov Ümummilli Liderin siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın xilaskarıdır.
B.Nəbiyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirib, bu ilin sentyabrın 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırılıb. Azərbaycan xarici təzyiqlərə baxmayaraq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonunda separatizmi məhv edib. Sentyabrın 20-də isə qondarma rejim lokal antiterror tədbirlərinə qarşı müqavimət göstərə bilməyərək təslim olub.
YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, müasir, müstəqil, azad Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda müstəqillik, quruculuq, inkişaf, sabitlik, tərəqqi dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarla bağlıdır.
YAP-ın Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyli çıxışlarında qeyd ediblər ki, bu gün dünyada yeni reallıqları ilə tanınan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənmiş üzvlərə Fəxri fərman, YAP-a üzv qəbul olunanlara partiya vəsiqələri təqdim edilib.