SİYASƏT
Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir VİDEO
Bakı, 1 may (AZƏRTAC, Rabil Kətanov). Mayın 1-də Səbail rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələrinin, ali məktəblərin müəllim və tələbələrinin, ziyalıların, Milli Məclisin deputatlarının iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Azərbaycan İstiqlal muzeyi tərəfindən təşkil edilmiş sərgi ilə tanış olmuşlar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə geniş məruzə etmişdir.
Bildirilmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün həyatını Azərbaycana, mənalı ömrünü yalnız insanlığa xidmətə həsr etmişdir. Ümummilli Liderimiz şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı qəlbində Ulu Öndərin işıqlı obrazını yaşadır. Ümummilli lider Heydər Əliyev həmişə ən möhkəm tellərlə xalqına bağlı olmuş, onun qüdrət mənbəyinə çevrilmişdir.
XX əsrdə xalqımızın yetirdiyi fenomenal şəxsiyyət - ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun yaradaraq praktiki surətdə reallaşdırmış və xalqımızın sevgisini qazanmışdır. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev respublikanın mövcud resurslarını səfərbər etməklə tərəqqi prosesindəki maneələri aradan qaldırmış, Azərbaycanın iqtisadi inkişafına nail olmuşdur.
Müstəqil Azərbaycana rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndərin milli ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrilmişdir. Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir.
Ümummilli lider kimi Heydər Əliyev Azərbaycanı labüd fəlakətdən qurtarmış, ölkəmizi çevriliş, qiyam cəhdlərindən, xarici müdaxilələrdən qoruyaraq, cəmiyyətin özünəinam hissini bərpa etmiş, xalqımızı sabitliyə və firavanlığa qovuşdurmuşdur.
Azərbaycanın yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün dahi rəhbər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixin yeni və şanlı səhifələrini yazmaqdadır. Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa etmiş, orkestrin müşayiəti ilə tanınmış müğənnilər Vətənə və xalqa həsr olunmuş mahnılar oxumuşlar.
Sonda konsertdə çıxış edən müğənnilərin birgə ifasında Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən…” mahnısı səslənmişdir.