ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Müvəkkil Elmira Süleymanova ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqlarının təmin olunması, vətəndaş cəmiyyəti yaradılması istiqamətində mühüm addımlar atıldığını qeyd etmişdir. O, ölkəmizdə ölüm cəzasının ləğvində məhz Heydər Əliyevin mühüm xidməti olduğunu, ümummilli liderin humanist siyasəti nəticəsində 4 amnistiya aktının tətbiq edildiyini, 32 əfv fərmanının imzalandığını xatırlatmışdır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə insanların yaşamaq hüququnun təmin olunması baxımından böyük əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Ombudsman müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyinin onun insan hüquqlarına münasibətilə müəyyən olunduğunu söyləmiş, insan hüquq və azadlıqlarının qorunmasında mühüm vasitə - Heydər Əliyevin banisi olduğu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının müstəqil fəaliyyət göstərməsini bunların bariz nümunəsi kimi diqqətə çatdırmışdır. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində bu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyi qeyd olunmuşdur.