ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad Naxçıvan şəhərindəki Əcəmi seyrəngahına gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında burada ucaldılmış abidəsini ziyarət etdilər və gül dəstələri qoydular.
İranın dövlət başçısı ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin yaranmasında və inkişaf etdirilməsindəki xidmətlərini xatırladaraq, dahi şəxsiyyətə Allahdan rəhmət dilədi.
Sonra dövlət başçıları Əcəmi seyrəngahını gəzdilər. Onlar açıq səma altında yaradılmış muzeyə maraqla baxdılar. Burada Naxçıvanın qədim tarixinə aid nadir tapıntılar, müxtəlif eksponatlar Azərbaycanın tarixi, mədəniyyəti haqqında ətraflı təsəvvür yaradır. Xalqımızın qədim mədəniyyətə malik olduğunu sübut edən bu eksponatlar təkcə Azərbaycan xalqının yox, bütövlükdə Şərq xalqlarının tarixini yaşadır.
Prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrdə yaratdığı və təkcə milli memarlığımızın deyil, ümumən Şərq memarlığının incilərindən sayılan Mömünə xatın türbəsini seyr etdilər. Prezidentlərə Atabəylər dövlətinin tarixinə dair ekspozisiya barədə məlumat verildi. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgiz, onun arvadı Mömünə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan buradakı sərdabədə dəfn olunmuşlar.
Naxçıvan Dövlət Xalça Muzeyi, burada saxlanılan el sənəti nümunələri ilə tanışlıq da dövlət başçılarında xoş təəssürat yaratdı. Bildirildi ki, Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri bu gün də yaşadılır.
Gəzinti başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Mahmud Əhmədinejad sağollaşdılar və İranın dövlət başçısı öz ölkəsinə yola düşdü.
X X X
Əcəmi seyrəngahına toplaşan sakinlər Prezident İlham Əliyevə yaxınlaşaraq onunla görüşdülər, muxtar respublikanın sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğıya, o cümlədən təbii qazın verilməsinə görə, habelə ulu öndərin siyasətini davam etdirdiyinə görə dərin minnətdarlıqlarını bildirdilər.
Dövlətimizin başçısı səmimi münasibətə görə təşəkkürünü bildirərək, tarixi hadisə - Naxçıvana mavi yanacağın verilməsi münasibətilə sakinləri bir daha təbrik etdi, muxtar respublikada gedən abadlıq, quruculuq işlərini, iqtisadi inkişafı yüksək qiymətləndirdi və bu qədim diyarda yaşayan insanlara bundan sonra da diqqət göstəriləcəyini vurğuladı.