ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT VƏ GƏNCLİK MƏRKƏZİNİN AÇILIŞI
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhərindəki Əcəmi seyrəngahına gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında burada ucaldılmış abidəsini ziyarət etdi və gül dəstəsi qoydu.
Sonra Əcəmi seyrəngahı yaxınlığında yerləşən Gənclik Mərkəzinin təntənəli açılışı oldu. Buraya toplaşan on minlərlə insan dövlətimizin başçısını alqışlarla qarşıladı.
Prezident İlham Əliyev Gənclik Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və onunla tanış oldu. Məlumat verildi ki, 400 yerlik salonu olan bu mədəniyyət ocağında gənclər üçün kinofilmlər nümayiş etdiriləcək, konsertlər, tamaşalar təşkil olunacaqdır. Mərkəz ən müasir tələblərə cavab verir.
Prezident İlham Əliyev Mərkəzin salonuna gəldi, burada “Ulu torpaq, ulu öndər” filminə baxdı. Filmdə əbədiyaşar Prezident Heydər Əliyevin gənclərlə görüşləri, yeni idman obyektlərinin açılışı, eləcə də Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı keçirdiyi tədbirlərdəki çıxışları, Ali Məclisdə keçirdiyi görüşlər və müşavirələr öz əksini tapmışdır.