Ulu öndər Heydər Əliyevin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətləri xatırlanıb
Kiyev, 2 iyun, AZƏRTAC
Ukraynanın Sumı şəhərində Ukraynada Avropa Gününə həsr olunan “Avropaya qapı açırıq” Beynəlxalq biznes-forum keçirilib.
Sumı Ticarət-Sənaye Palatasının təşkil etdiyi forumda Sumı dövlət administrasiyasının başçısı Nikolay Kloçko, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Sumı Dövlət Universitetinin rektoru Anatoli Vasilyev, Makedoniya, Belarus Slovakiya və Fransanın Ukraynadakı diplomatik korpusunun nümayəndələri, habelə siyasətçilər, alimlər, yerli və xarici biznes strukturlarının rəhbərləri iştirak ediblər.
Bakı Slavyan Universitetinin Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin direktoru, fəlsəfə doktoru Yaşar Alxasov forumda “Ukrayna və Azərbaycan arasında elm, təhsil və mədəni əlaqələrin inkişafında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edib. Xatırladaq ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Poltava İqtisadiyyat və Ticarət Universitetinin nəzdində fəaliyyət göstərir.
Məruzəçi qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dili, mədəniyyəti və tarixinin öyrənilməsini və təbliğini təmin edən azərbaycançılıq ideyasını irəli sürüb. Prezident Heydər Əliyevin fərmanı ilə yaradılan Bakı Slavyan Universiteti bu istiqamətdə ciddi addımlar atıb. Qısa zamanda xaricdə, slavyan ölkələrində, o cümlədən Ukraynada, Kiyev və Poltava şəhərlərində mədəniyyət-təhsil mərkəzləri açılıb.
Y.Alxasov bildirib ki, indi BSU-nun bütün fəaliyyəti dövlətin xarici və daxili siyasəti ilə həmahəngdir. Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Prezident İlham Əliyevin apardığı siyasətin, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının canlı təcəssümüdür.
Sumı vilayəti qubernatoruna və diplomatlara BSU-nun sifarişi ilə nəşr edilən lüğətlər və kitablar hədiyyə edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev