Ulu Öndərin rəhbərliyi dövründə milli hərbi təhsil sisteminin əsası qoyulub – BDU-da tədbir
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin müstəqil dövlətçiliyin, suverenliyin və milli birliyin əsas dayaqlarından biri olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan olunub və hər il dövlət bayramı kimi qeyd edilir.
Professor vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə milli hərbi təhsil sisteminin əsası qoyulub, hərbi kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırda Azərbaycan Ordusunun inkişafı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ordunun döyüş qabiliyyətinin və hərbi imkanlarının gücləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alıb. O, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan Ordusunun peşəkarlığını və gücünü bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.
Mülki hüquq kafedrasının müdiri dosent Şükür Yusifov Azərbaycanın əldə etdiyi Zəfərin hərbi qüdrətlə yanaşı, beynəlxalq hüquqa əsaslanan ədalətli siyasi mövqenin təntənəsi olduğunu bildirib. O qeyd edib ki, uzun illər ərzində beynəlxalq hüquq normalarının pozulması ilə üzləşən Azərbaycan öz haqlı mövqeyini beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə edib. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri ölkənin suverenliyinin tam bərpasını təmin edib.
Humanitar fakültələr üzrə Azərbaycan tarixi kafedrasının müdiri dosent Azad Rzayev isə çıxışında müasir geosiyasi çağırışlar fonunda Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirib, ölkəmizin regional və qlobal təhlükəsizlikdə rolunu artırıb.
Tədbir tələbələrin hazırladıqları bədii kompozisiya və qısametrajlı filmin nümayişi ilə davam edib.