ULU ÖNDƏRİN XATİRƏSİNƏ ÜMUMXALQ EHTİRAMI
Azərbaycanın tarixinin bütöv bir qərinəsi dünya siyasətinin görkəmli nümayəndələrindən biri olan Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, bizə bugünkü Azərbaycanı əmanət etmişdir.
AZƏRTAC-ın müxbirinin Fəxri xiyabanda görüşüb söhbət etdiyi adamlar da dahi rəhbərin xalqımız qarşısındakı bu xidmətlərini minnətdarlıqla vurğulayırdılar...
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin QƏNDİLOV demişdir ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atmışdı. Həmin dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amil olmuşdur. Heydər Əliyevin gərgin səyləri sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrilmişdi. Azərbaycanın neft emalı və neftmaşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları geniş şöhrət qazanmışdı. İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verilirdi.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, son dərəcə böyük və təcrübəli siyasi xadim idi. Heydər Əliyev Azərbaycanımızın, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bütün dünyada etiraf olunur və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Ukraynada Heydər Əliyev adına Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və onun zəngin dövlətçilik təcrübəsi öyrənilir. Çünki XX əsrdə yetişən dövlət xadimləri içərisində onun özünəməxsus yeri və nüfuzu var. Belə şəxsiyyətlər dünyada çox azdır. Yeri gəlmişkən, deyim ki, bizim akademiyada da “Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi” ayrıca fənn kimi tədris olunur. Fəaliyyətdə olan “Heydər Əliyev dövlət idarəçilik universiteti” bu istiqamətdə ciddi araşdırmalar aparmaq, ulu öndərimizin həyatının şərəfli səhifələrini dolğun şəkildə ictimaiyyətə göstərmək, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasını təbliğ etmək istiqamətində mühüm işlər görür. 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik xəttini əzmlə davam etdirir...
Fəxri xiyabana insan axını davam edirdi. Buraya gələnlər arasında dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin təmsilçiləri, respublika ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları, elm, mədəniyyət xadimləri, gənclər, məktəblilər var idi.
Fəxri xiyabanı ziyarət günün sonunadək davam etmişdir.