CƏMİYYƏT
Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunan tədbir keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Respublika Endokrinoloji Mərkəzinin dəstəyilə “Leyla Medical Center”də 14 Noyabr - Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova Ümumdünya Diabetlə Mübarizə Gününün vacibliyinə toxunub: “1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. Məhz Ümumdünya Diabetlə Mübarizə Günü Frederik Bantinqin şərəfinə hər il noyabrın 14-də qeyd edilir. Ümumdünya Diabetlə Mübarizə günü hər il bir deviz altında həyata keçirilir. 2024-2026-cı illərin devizi isə “Diabet və rifah”dır”.
N.İsmayılova tədbir iştirakçılarına Azərbaycanda şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmət sahəsindəki islahatlar barədə də məlumat verib.
Daha sonra Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova şəkərli diabet xəstəsi olan insanların rifahını yaxşılaşdırmaq yolunda dövlət qayğısı, ictimai birliklərin və cəmiyyətin onların həyatındakı rolu mövzusunda çıxış edib.
Tədbirdə “Diabetlə sağlam rifaha doğru”, “Ailənin şəkərli diabet xəstələrinin rifahının yaxşılaşdırılmasında rolu”, “Diabet və ürək-böyrək metabolik ağırlaşmaları”, “Sinergetik müalicə yanaşmalar, nəticələri yaxşılaşdırmaq üçün insulin terapiyasında müasir paradiqmaların araşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.