Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar 320 hektar sahədə abadlıq işləri aparılıb
Bakı, 4 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyunun 4-də Ələt-Salyan magistral avtomobil yolunun 5-8-ci kilometrliyinin yol kənarında salınmış yaşıllıq sahəsində iməcilik keçirib. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar təşkil olunan iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və nazirliyin əməkdaşları ilə yanaşı, ekoloji qeyri-hökumət təşkilatlarının 500-ə yaxın nümayəndəsi iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada 320 hektar sahədə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.
İməcilik keçirilən ərazidəki yaşıllıq sahəsi 2012-ci ildə salınıb. Yolboyu salınan yaşıllıq sahəsi göstərilən aqrotexniki qulluq sayəsində artıq meşə massivinə çevrilib. ETSN tərəfindən Ələt-Salyan yolunda yaşıllaşdırma işlərinə 2010-cu ildən başlanılıb. Bu müddət ərzində 752 hektar ərazidə müasir damcılı suvarma sistemi quraşdırılıb. Ərazidə zeytun, şam, sərv, akasiya, oleandr, göyrüş, tuya, fıstıq şamı, qarağac, nar, badam, tut, iydə və s. növdə 839 min ədəd ağac və kol bitkiləri əkilərək becərilib. Həmçinin 2016-cı ilin yazında ərazinin 20 hektarında 17 minə qədər müxtəlif növdə ağac əkilib.
Ərazilərin suvarılması məqsədilə Şirvan kollektorunun üzərində hər biri gündə 2500 kubmetr gücündə 2 ədəd duzsuzlaşdırma kompleksi tikilib. Eyni zamanda, 2013-cü ildə istifadəyə verilmiş Xəzər Dənizi Suyunun Duzsuzlaşdırma Zavodunda da bu il əlavə olaraq gündə 1000 kubmetr həcmində sutəmizləyən yeni xətt tikilərək istifadəyə verilib. Beləliklə, Şirvan kollektoru və Xəzər dənizindən götürülərək duzsuzlaşdırılan suyun ümumi həcmi gündə 7000 kubmetrə çatdırılıb ki, bu da 2016-cı və sonrakı illərdə salınacaq 300 hektardan artıq yaşıllıq sahəsinin suvarılmasına kifayət edəcək.
Qeyd edək ki, Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.