Ümumdünya Ətraf Mühit Gününün mərkəzi bu dəfə Monqolustan olacaqdır
Bakı, 25 fevral (AZƏRTAC). Hər il iyunun 5-də qeyd edilən Ümumdünya Ətraf Mühit Gününün mərkəzi bu il Monqolustan olacaqdır. Günün budəfəki mövzusu ərzaq tullantılarının azaldılmasıdır.
MDB-nin ətraf mühit proqramında (UNEP) göstərilir ki, Monqolustan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi bu şərəfə yaşıl iqtisadiyyatın, o cümlədən mədənçıxarma sektorunda ekoloji texnologiyaların inkişaf etdirilməsi istiqamətində səylərinə görə layiq görülmüşdür. Monqolustanın hakimiyyət orqanları gənclərin ekoloji biliklərinin artırılmasında nəzərəçarpacaq tərəqqiyə nail olmuşlar. Bununla belə hazırda Monqolustan iqlim dəyişmələrinin doğurduğu, o cümlədən ərzaq təhlükəsizliyi, ənənəvi köçəri maldarlıq və su ehtiyatları ilə bağlı ciddi problemlərlə üzləşir. Ölkənin hakimiyyət orqanları bu təhdidlərə müqavimət göstərmək üçün qətiyyətli tədbirlər görür. Hazırda həm milli ehtiyaclar, həm də regionun digər ölkələrinə ixrac etmək üçün bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi strategiyası işlənib hazırlanır.
Bu il Ümumdünya Ətraf Mühit Gününün mövzusu ərzaq tullantılarının həcminin azaldılmasıdır. Hər il dünyada istehsal edilən ərzağın təxminən 30 faizi ya itirilir, ya da tullanır. Həmin həcm pul ekvivalentində 1 trilyon dollara bərabərdir. Ərzaq tullantıları inkişaf etmiş ölkələr üçün ciddi problemdir. Problemin əsasında pərakəndə satış şəbəkələri və istifadə üçün yararlı ərzaq məhsullarını zibil qutularına atan istehlakçılar durur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, Avropada və Şimali Amerikada adambaşına ildə 95-115 kiloqram, Böyük Səhradan cənubda yerləşən Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrində isə ildə 6-11 kiloqram tullantı düşür. BMT Baş Məclisi 1972-ci ildə iyunun 5-ni Ümumdünya Ətraf Mühit Günü elan etmiş və BMT sisteminin hökumət və təşkilatlarını hər il bu günü onların təbiətin mühafizəsinə yönəlmiş səylərinin təsdiqi kimi qeyd etməyə çağırmışdır.