“ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ VERGİ SİYASƏTİ”
İştirakçılar əvvəlcə Heydər Əliyev adına Sarayın qarşısına gələrək, ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüş, onun xatirəsini ehtiramla anmışlar.
Vergilər naziri Fazil Məmmədovun “Heydər Əliyev və vergi siyasəti” mövzusunda məruzəsində Azərbaycanda aparılan iqtisadi islahatların, o cümlədən vergi siyasətində köklü dəyişikliklərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanmış, ulu öndərin ölkədə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində gördüyü işlər mərhələlərlə nəzərdən keçirilmişdir.
Sonra Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Heydər Əliyev Azərbaycan iqtisadiyyatında islahatların memarıdır” mövzusunda çıxış edərək, ümummilli liderin iqtisadi siyasətinin fəlsəfi əsaslarından, ölkədə azad rəqabət mühitinin formalaşdırılması istiqamətində gərgin əməyindən danışmışdır. O demişdir ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət ölkənin iqtisadi dirçəlişinə, sosial-iqtisadi problemlərin həlli üçün dövlət qayğısı mexanizminin hazırlanmasına və tətbiqinə, təbii sərvətlərdən səmərəli istifadə etməklə, ölkənin mövcud potensialının reallaşdırılmasına yönəlmişdi. Ümummilli liderin ölkədə qanunvericilik bazasının formalaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində yeritdiyi siyasət hazırda Azərbaycanı dünyada ən yüksək sürətlə inkişaf edən dövlətə çevirmişdir.
Prezidentin İcra Aparatının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin zəruriliyi” mövzusunda çıxışında ulu öndərin iqtisadi siyasət xəttinin əsasını məhz təkmil qanunvericilik bazasının formalaşdırılması təşkil etdiyini, bu məqsədlə bir neçə mərhələdən ibarət ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Konfransda Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilov “Ümummilli lider Heydər Əliyevin rəhbərlik məharəti və dövlətçilik təcrübəsi bütün dövrlər üçün əhəmiyyətlidir”, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yollarında: nəticələr və təkliflər”, Auditorlar Palatasının sədri Vahid Novruzov “Vergi siyasətinin reallaşdırılmasında auditin rolu və vəzifələri” mövzularında çıxış etmişlər.
Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndərin milli irsimizin qorunması və dövlətçilik ənənələrimizin davam etdirilməsi istiqamətində yorulmaz səylərindən danışmışdır. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.