Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq gömrük əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda mühazirə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd edilib ki, dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.
Həmçinin Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi müasir prinsiplərin, qabaqcıl təcrübələrin beynəlxalq aləmdə nümunə olduğu vurğulanıb.
Sonda gömrük əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.