Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin qalibləri müəyyənləşib
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tələbələr arasında keçirilmiş bədii qiraət və rəsm müsabiqəsinin qalibləri seçilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Mədəniyyət-yaradıcılıq mərkəzinin direktoru Akif Səmədov bildirib ki, müsabiqənin məqsədi Ümummilli Liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənmək, həmçinin gənclərin vətənpərvərlik hisslərini daha da yüksəltməkdir.
Rəsm müsabiqəsində Kimya fakültəsinin tələbəsi Səbinə İbrahimxəlilova I yeri, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova II yeri, Fizika fakültəsinin tələbəsi İlqarə Mirzəyeva III yeri tutub.
Bədii qiraət üzrə müsabiqənin finalçılarından Jurnalistika fakültəsinin magistr tələbəsi Hüseyn Cabbarlı I yerə, Filologiya fakültəsinin tələbəsi Fidan Mədətova II yerə, Şərqşünaslıq fakültəsinin tələbəsi Eltac Abbasov isə III yerə layiq görülüb. Müsabiqənin finalçılarından 5 tələbə uğurlu çıxışlarına görə fərqlənmə diplomları ilə təltif olunub.
Hər iki nominasiya üzrə I yer üçün 500, II yer üçün 300, III yer üçün 200 manat pul mükafatı verilib.