SİYASƏT
Ümummilli Liderin xatirəsi Qarsda yad edilib
Qars, 10 may, AZƏRTAC
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində tədbir təşkil edib.
Baş konsulluğun adından Mərkəzə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan müxtəlif kitab və jurnallar, eləcə də Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər, digər təbliğat materialları təqdim olunub.
Baş konsul Ayxan Süleymanlı tədbirdə çıxış edərək Ulu Öndərin xidmətlərindən danışıb, bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi və respublikamızın siyasi arenada yüksək imicə malik olmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Diplomat Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayələrin yatırıldığını qeyd edib, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirib.
O, Heydər Əliyevin Türkiyə və Azərbaycan arasında sıx əlaqələrin yaradılması istiqamətində yürütdüyü siyasət xəttini xüsusi qeyd edib.
Qafqaz Universitetinin müəllimi, həmyerlimiz Xurşud İsayev Heydər Əliyev Mərkəzinə hədiyyə edilmiş kitab və dərgilərə görə baş konsulluğa təşəkkürünü bildirərək, bunun universitetdə təhsil alan yerli və azərbaycanlı tələbələrin Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlandırılması, Azərbaycanla bağlı həqiqətlərin yayılması işinə böyük töhfələr verəcəyini bildirib.
X.İsayev ölkəmizin mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında dahi şəxsiyyət Heydər Əliyevin rolu, onun Azərbaycanın inkişafı və beynəlxalq aləmə inteqrasiyası istiqamətində həyata keçirdiyi strategiya haqqında danışıb.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostend, kitab və jurnallarla tanış olublar.
Tədbirdə Qars Qafqaz Universitetinin professor-müəllim heyəti, baş konsulluğun əməkdaşları, universitetdə təhsil alan azərbaycanlı tələbələr, Qarsda yaşayan soydaşlarımız və yerli KİV-in nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, baş konsul Ayxan Süleymanlı ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı mətbuat açıqlaması verib və həmin açıqlama ölkənin yerli kütləvi informasiya vasitələrində yayılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars