ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN ÖTƏNİLKİ FƏALİYYƏTİ UĞURLU OLMUŞDUR
Artıq başa çatmış 2004-cü il Rusiyadakı bütün Azərbaycan diasporunu birləşdirən Ümumrusiya Azərbaycan Konqresi üçün əlamətdar olmuşdur: ötən ildə çoxlu hadisə baş vermiş, diasporun inkişafının və möhkəmləndirilməsinin bütün istiqamətlərində xeyli iş görülmüş, Konqresin qarşısında duran bir çox vəzifələr yerinə yetirilmişdir.
ÜAK-ın vitse-prezidenti, Konqresin icra aparatının rəhbəri Natiq Ağamirov AZƏRTAC-ın müxbiri ilə söhbətində ötən ilin yekunlarından danışaraq demişdir ki, arxada qalan il həm ÜAK, həm də Rusiyada yaşayan bütün azərbaycanlılar üçün çox zəngin olmuşdur. ÜAK-ın bütün azərbaycanlıların mənafelərini təmsil edən vahid təşkilat kimi təşəkkül tapması yolunda mühüm addımlar atılmışdır. Rusiya Federasiyasının dövlət qurumları da, Azərbaycan Respublikası da bu təşkilatı məhz belə qəbul etmişlər. ÜAK-ın 2004-cü ilin oktyabrında keçirilmiş ikinci qurultayı Konqresin həyatında ən mühüm hadisə oldu. Qurultay bir daha təsdiq etdi ki, ÜAK Rusiyada yaşayan bütün azərbaycanlıları birləşdirən təşkilata çevrilmişdir. Azərbaycan və Rusiya Prezidentlərinin qurultayın işində iştirak etməsi diasporun həyatında çox əhəmiyyətli bir hadisə olmuşdur. Bu da, belə bir faktı təsdiq edir ki, təşkilat Rusiya və Azərbaycan cəmiyyətində öz layiqli yerini tutmuşdur. Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Azərbaycan Prezidenti İlham Əliyev Konqresin işinə çox yüksək qiymət vermişlər.
Vitse-prezident konkret faktlardan söhbət açaraq bildirmişdir ki, Rusiya azərbaycanlılarının milli təhsilinin inkişafı sahəsində proqramı həyata keçirilir. Ölkənin bir çox regionlarında yeni bazar günü məktəbləri açılmışdır. Yeni ildə həm Moskvada, həm də Rusiyanın regionlarında, o cümlədən Sankt-Peterburqda, Yekaterinburqda Azərbaycan etnomədəni komponentli yeni məktəblərin açılması nəzərdə tutulmuşdur. Konqres Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan və Rusiyanın təhsil nazirlikləri ilə birgə ilk dəfə olaraq Rusiya məktəblərini bitirmiş azərbaycanlı abituriyentlərin bu ölkənin ali məktəblərinə daxil olması üçün qəbul imtahanları təşkil etmişdir. Bu səylər nəticəsində Azərbaycan vətəndaşlarının Rusiyanın ali məktəblərinə müsabiqədənkənar daxil olmaları üçün Rusiya Təhsil Nazirliyinin bu il üçün ayırdığı normadan bütünlüklə istifadə edilmişdir.
Konqres Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına kömək göstərilməsi sahəsində də fəaliyyətini davam etdirmişdir. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Rusiya-Azərbaycan İşgüzar Əməkdaşlıq Palatası ilə birgə Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri V.Xristenkonun və A.Abbasovun rəhbərliyi ilə ilk Rusiya-Azərbaycan iqtisadi forumu təşkil edilmiş və yüksək səviyyədə keçirilmişdir. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir. Bu forumun ənənəyə çevrilməsi və belə əməkdaşlıq formasının hər iki ölkədə çalışan Rusiya və Azərbaycan biznesmenlərinin işgüzar fəallığının artmasına kömək göstərməsi üçün onu hər il keçirmək qərara alınmışdır.
Ötən il Konqresin bilavasitə iştirakı və yardımı, Rusiya biznesmenlərinin köməyi ilə fəaliyyətə başlayan qurumlar qısa müddətdə Azərbaycanın kənd rayonlarının minlərlə sakinini əhatə etmişdir. Natiq Ağamirov demişdir: “Konqres Azərbaycana sərmayələr cəlb edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, habelə Rusiya iqtisadiyyatının inkişafında Azərbaycan diasporunun daha fəal iştirak etməsi üçün bundan sonra da səy göstərəcəkdir”.
2004-cü il Rusiyada prezident seçkilərində Prezident V.Putinin namizədliyinin Azərbaycan diasporu tərəfindən dəstəklənməsi şüarı altında keçmişdir. 2003-cü ilin sonunda isə Konqres Azərbaycanda Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün genişmiqyaslı aksiya keçirmişdir. Hər iki halda bu işdə ÜAK-ın regional bölmələri də iştirak etmişlər ki, bu da Azərbaycan diasporunun hər iki ölkədə baş verən siyasi proseslərə fəal surətdə cəlb olunduğunu sübut edir.
Ötən il ərzində ÜAK-ın Rusiyadakı regional bölmələrinin və ictimai təşkilatlarının sayı artmışdır. Hazırda Rusiya Federasiyasının 67 regionunda fəaliyyətdə olan 73 regional bölmə və ictimai təşkilat ÜAK-ın tərkibinə daxildir.
ÜAK-ın vitse-prezidenti demişdir: “2005-ci ildə Konqres bütün istiqamətlərdə öz fəaliyyətini davam etdirəcəkdir, lakin Rusiyada yaşan həmvətənlərimizin hüquqi və sosial müdafiəsi, onların təhsil səviyyəsinin yüksəldilməsi, diasporumuzun potensialının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, Azərbaycan dövlətinin investisiya layihələrində və proqramlarında iştirakı, mədəni irsin və milli ənənələrin qorunub saxlanması ən öncül istiqamətlər olaraq qalmaqdadır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva