UNA: Prezident İlham Əliyev sülh sazişi üzərində işin davam etdiriləcəyini bildirib
Bakı, 12 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən növbəti iclasındakı çıxışından əsas məqamlar ərəb və ingilis dillərində dərc edilib.
AZƏRTAC-a istinadla dərc olunan materialda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın sülh sazişi üzrə səyləri davam etdirəcəyini bildirib. UNA-ın xəbərində vurğulanıb ki, Azərbaycanın dövlət başçısı Ermənistanın MDB-nin Bişkəkdə keçiriləcək sammiti çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüşdən imtina edib. O əlavə edib ki, İrəvan sülh istəsəydi, onda bu görüşdən imtina etməzdi.
UNA Prezident İlham Əliyevin iclasdakı çıxışından aşağıdakı sitatı təqdim edib: “...Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.