UNEC əməkdaşları beynəlxalq akademik əlaqələr çərçivəsində növbəti elmi layihəyə imza atıblar
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları beynəlxalq akademik əməkdaşlıq çərçivəsində növbəti nüfuzlu elmi layihəyə imza atıblar.
AZƏRTAC xəbər verir ki, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının sədri dosent Nərgiz Hacıyeva, UNEC Ümumi fənlərin təşkili departamentinin dosenti baş müəllim Çinarə Qəhrəmanova və UNEC Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibov, həmçinin Gürcüstanın İlia Dövlət Universitetinin alimi, dosent Zarina Burkadze ilə birlikdə ABŞ-nin nüfuzlu akademik nəşriyyatlarından biri olan “Nova Science Publishers” tərəfindən çap ediləcək “Politicization: Policy Issues, Partisanship, and Societal Impacts” (Siyasiləşmə: siyasət məsələləri, tərəfdaşlıq və sosial təsirlər”) adlı beynəlxalq kitabın elmi redaktorları qismində çıxış edirlər.
Qeyd edək ki, ABŞ-də fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrindən alimlərlə əməkdaşlıq edən “Nova Science Publishers” sosial elmlər, iqtisadiyyat, siyasətşünaslıq və digər elmi istiqamətlər üzrə beynəlxalq akademik nəşrləri ilə tanınır. Nəşriyyatın kitabları aparıcı elmi məlumat bazalarına, o cümlədən “Scopus” tərəfindən qiymətləndirilmək üçün təqdim olunur.
Layihə Azərbaycan və Gürcüstan alimlərinin elmi əməkdaşlığının uğurlu nümunəsi olmaqla yanaşı, regionun tədqiqat potensialının beynəlxalq akademik məkanda tanıdılmasına da mühüm töhfə verəcək.