“UNİBANK” BU İLİN ÜÇ RÜBÜNƏ MALİYYƏ YEKUNU VURMUŞDUR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu maliyyə qurumunun aktivləri 9 ay ərzində 40 faiz artaraq, 294,9 milyard manat təşkil etmişdir, bu isə keçən ilin eyni dövründəki göstəricidən 68 faiz çoxdur.
Doqquz ayın yekunlarına əsasən cəlb olunmuş depozitlər 108 milyard manat təşkil etmişdir. Artım 49,7 faiz, illik isə 83,8 faiz olmuşdur. Depozitlərin ümumi həcmində fiziki şəxslərin payına təxminən 86 faiz, yaxud 92,6 milyard manat düşmüşdür.
Bankın kredit portfeli bu ilin doqquz ayı ərzində 42 faiz artaraq, 195,4 faiz təşkil etmişdir. Kredit portfelinin ümumi həcmində biznes-kreditlərin payına 69 faiz, yaxud 134,8 milyard manat, istehlakçı kreditlərinin payına isə 31 faiz, yaxud 60,6 milyard manat düşmüşdür. Biznes-kreditlər portfeli strukturunda istehsalın maliyyələşdirilməsinə 35,36, ticarətə 35,42, tikintiyə 8,32, xidmət sahələrinə 5,01 və digər kreditlərə 15,8 faiz vəsait yönəldilmişdir. İstehlakçı kredit portfeli strukturunda avtomobillərin alınmasına 56,45, daşınmaz əmlak alınmasına və təmirinə 16,86, digər istehlak sahələrinə 26,69 faiz kredit ayrılmışdır.
Bankın üç rübün yekunlarına əsasən gəliri 37,1 milyard manat, xərcləri isə 27,1 milyard manat olmuşdur. Bankın mənfəəti 10 milyard manat təşkil etmişdir.