Universitetlər süni intellektlə bağlı hansı yeni ixtisas və bacarıqlara üstünlük verməlidir? - AÇIQLAMA
Bakı, 25 iyun, AZƏRTAC
Gələcəyin əmək bazarında rəqabətədavamlı kadrların hazırlanması üçün universitetlər süni intellektlə bağlı yeni ixtisasların və bacarıqların tədrisinə xüsusi diqqət yetirməlidir. İlk növbədə, maşın öyrənməsi, məlumat analitikası, robototexnika, kibertəhlükəsizlik və proqramlaşdırma kimi sahələr prioritet istiqamətlər hesab olunmalıdır.
Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, bu sahələr müasir texnologiya bazarının əsasını təşkil etdiyindən tələbələrin həm nəzəri, həm də praktiki biliklərə yiyələnməsi vacibdir.
“Bununla yanaşı, universitetlər yalnız texniki biliklərlə kifayətlənməməli, tələbələrin analitik düşüncə, problem həlletmə, yaradıcı yanaşma və komanda ilə işləmə bacarıqlarını da inkişaf etdirməlidir. Süni intellektin geniş tətbiqi nəticəsində bir çox ənənəvi peşələrin dəyişməsi gözlənildiyi üçün çevik düşüncə və yeni texnologiyalara uyğunlaşma qabiliyyəti xüsusi əhəmiyyət daşıyacaq. Eyni zamanda, süni intellekt etikası və rəqəmsal məsuliyyət kimi mövzuların tədrisi də vacib hesab olunur. Bu yanaşma gələcəyin mütəxəssislərinin həm peşəkar, həm də sosial baxımdan daha hazırlıqlı formalaşmasına imkan verəcək”, - deyə C.Qasımlı qeyd edib.