Uşaq ədəbiyyatında hansı məqamlara diqqət olunmalıdır? ŞƏRH
Bakı, 20 fevral, AZƏRTAC
Müasir mərhələdə Azərbaycan uşaq ədəbiyyatı yeni ictimai-siyasi və mənəvi reallıqlar fonunda inkişaf edir. Zəfərdən sonrakı dövrdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ideyalarının və ana dilinə sevginin bədii mətnlərdə daha qabarıq ifadəsi diqqət çəkir. Uşaqların dünyagörüşünün formalaşmasında ədəbiyyatın rolu isə əvvəlki dövrlərlə müqayisədə daha strateji xarakter daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib.
Deputat bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı müasir dövrün çağırışlarına uyğunlaşmağa çalışır və öz mövqeyini qoruyub saxlayır: “Xüsusilə Zəfər və Qarabağ mövzuları son illər uşaq ədəbiyyatında ön plana çəkilir. Vətənpərvərlik ruhunun aşılanması, milli kimlik şüurunun formalaşdırılması, təbiətə və canlı aləmə sevginin tərbiyəvi aspektdə təqdim olunması əsas istiqamətlərdəndir”.
E.Akimova vurğulayıb ki, vətən sevgisi anlayışı ana dilinə məhəbbətlə sıx bağlıdır və bu şüurun təməli məhz erkən yaşlarda qoyulmalıdır: “Vətən sevgisi və dilə bağlılıq uşaq yaşlarından formalaşdırılmalıdır. İlk təhsilin ana dilində alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni kodun daşıyıcısıdır”.
Onun sözlərinə görə, hazırda daha çox ibtidai siniflər üçün nəzərdə tutulmuş ədəbi nümunələr yazılır və bu istiqamətdə məhsuldarlıq müşahidə olunur. Deputat müasir müəlliflərin janr müxtəlifliyinə də diqqət çəkib: “Məsələn, Reyhan Yusifqızı uşaqlar üçün sırf fantastik üslubda silsilə əsərlər qələmə alır. Bu isə göstərir ki, uşaq ədəbiyyatı yalnız didaktik çərçivə ilə məhdudlaşmır, həm də təxəyyülün inkişafına xidmət edən bədii formalarla zənginləşir”.
E.Akimova hesab edir ki, uşaq yazarı son dərəcə məsuliyyətli olmalıdır: “Çünki təqdim olunan ideya və dəyərlər birbaşa uşaqların şüuruna, dünyagörüşünə təsir göstərir. Bu baxımdan ədəbiyyat yalnız estetik zövq formalaşdırmır, həm də mənəvi-ideoloji tərbiyə funksiyasını yerinə yetirir”.
Deputat əlavə edib ki, gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı, intellektual və yaradıcı fərdlər kimi yetişməsində uşaq ədəbiyyatının rolu danılmazdır və bu sahəyə diqqətin artırılması zəruridir.