UŞAQ ƏMƏYİNDƏN İSTİFADƏ PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gənclər, İdman və Turizm Nazirliyində uşaqlarla iş üzrə respublika əlaqələndirmə şurasının beşinci iclası keçirilmişdir. Daxili işlər, əmək və əhalinin sosial müdafiəsi, ədliyyə nazirliklərinin, müxtəlif qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri iclasın gündəliyində əsas məsələ uşaq əməyindən istifadə olunması problemləri idi. Bildirilmişdir ki, statistik göstəricilərə görə, respublikada rəsmən əmək müqaviləsi olan 182 uşaq qeydə alınsa da, əslində, belə uşaqların sayı daha çoxdur. Belə hallara nəzarət etmək və “Ağır uşaq əməyinin qadağan olunması və qarşısının alınması üzrə zəruri tədbirlər haqqında” Beynəlxalq Əmək Təşkilatının Konvensiyası müddəalarını Azərbaycanda reallaşdırmaq üçün dövlət strukturlarının və QHT-lərin iştirakı ilə xüsusi təhqiqat aparılması, onun nəticələrinin Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən müvafiq komissiyaya təqdim edilməsi təklif olunmuşdur.
İclasda yuxarı sinif şagirdləri və jurnalistlər arasında bu mövzuya həsr olunmuş inşa və məqalə üzrə müsabiqə keçirilməsi və xüsusi bukletlər nəşr edilməsi qərara alınmışdır.