Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib.
Uşaq Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, musiqili-poetik tədbir beynəlxalq və milli müsabiqələr laureatı, caz və estrada vokalisti, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Günel Hacıyeva və müəllim, “Gənc şairlər” uşaq ədəbi layihəsinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının üzvü Lalə Həsənova tərəfindən təşkil olunub.
Konsert proqramında 35 istedadlı uşaq iştirak edib.
Lalə Həsənova və Günel Hacıyeva layihəyə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə minnətdarlıqlarını bildiriblər.
Gənc ifaçılar nağıl və cizgi filmi personajlarına bənzər parlaq geyimlərdə çıxış ediblər.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.