ÜST-nin Azərbaycandakı Ofisindən nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri başlayıb
Bakı, 28 avqust, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancının başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana 3 günlük səfəri başlayıb.
ÜST-dən AZƏRTAC-a verilən məlumata görə, səfər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə baş tutub.
Səfərin ilk günündə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və Heydər Əliyev Muzeyinə baş çəkilib, daha sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Ardınca Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə ilkin səhiyyə, təcili tibbi yardım, laboratoriya, ictimai səhiyyə və tibb təhsili mövzuları ilə bağlı geniş müzakirələr aparılıb. Nümayəndə heyəti, həmçinin İlkin Səhiyyə Xidmətinə baş çəkib və yaradılan şəraitlə tanış olub.
Səfər çərçivəsində ÜST-nin nümayəndə heyətinin muxtar respublikanın səhiyyə sistemində son aylarda həyata keçirilmiş islahatlar, tibbi xidmətin keyfiyyətinin artırılmasına yönəlmiş işlər, həmçinin yaxın günlərdə reallaşdırılacaq layihələrlə yaxından tanış olması nəzərdə tutulur. Onlar Naxçıvan şəhəri ilə yanaşı, Ordubad və Şərur rayonlarında da olacaq, rayonlarda yeni yaradılan Ailə Sağlamlıq mərkəzlərinə baxış keçirəcəklər.