Uşu üzrə milli komandamız İranda keçirilən turnirdə 17 medal qazanıb
Bakı, 29 iyun, AZƏRTAC
İranın Astara şəhərində Azərbaycanın və qonşu ölkənin uşu üzrə yığma komandaları arasında keçirilən turnirə yekun vurulub.
Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu Amin Əlili (42 kq) və dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq) ilə yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 33 idmançı təmsil edib.
Yarışlarda idmançılarımız bütün yaş kateqoriyalarında və çəki dərəcələrində mübarizə aparıblar.
Yeniyetmələr arasında Tunar Rüstəmzadə (24 kq), Rza Şahbazov (30 kq), Amin Əlili (42 kq), Raul Muradov (33 kq), Ülvi Mehdi, Süleyman Adigözəlli (hər ikisi 48 kq), Bahadur Əhmədov (52 kq), Kənan Həsənli və Yusif Həşimli (hər ikisi 60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Gənclər arasında isə Tural Hacıməmmədli və Cavid Cəmilov (hər ikisi 56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kişilərin mübarizəsində isə Elçin Eminov (60 kq) və Nicat Kişiyev (70 kq) yarışın qalibi olublar. Əli Fətullayev (52 kq), Vüsal Səfərov (56 kq), Kamal Babayev (75 kq) və Pərviz Mürsəlov (80 kq) gümüş medallarla kifayətləniblər.
İdmançılarımız bu yarışda Azərbaycan Uşu Federasiyasının məşqçisi Elçin Eminovun rəhbərliyi ilə mübarizə aparıblar.