“V Neftçili Yay Futbol Düşərgəsi” layihəsi yekunlaşıb
Bakı, 25 iyun, AZƏRTAC
“Neftçi” Peşəkar Futbol Klubunun, “YAŞAT” Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "TuranBank"ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Layihə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev iştirak ediblər. Düşərgəni uğurla bitirən iştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
Qeyd olunub ki, layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir.