Vahid məktəbli formasından istifadəyə keçilməsi Şəkinin pedaqoji kollektivlərinin də ürəyincədir
Şəki, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formalarından istifadəyə keçilməsi hamımızın ürəyincədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şəki şəhər 17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova söyləyib. Direktor bildirib ki, şagirdlərin vahid məktəbli formasında məktəbə gəlmələri onların məktəbdə, eləcə də cəmiyyət içərisində daha səliqəli, müasir məktəbli görünüşlərini təmin etməklə yanaşı, eyni zamanda, davranışlarında məsuliyyətli olmağı formalaşdırır, onlarda şagird məsuliyyətini artırır. Vahid geyim forması, həmçinin şagirdlər arasında ayrı-seçkiliyə son qoyur.
“Məktəb təlim-tərbiyə ocağıdır. Öyrənmə üçün sağlam mühitin yaradılması vacib şərtlərdəndir. Məhz sosial bərabərlik bu mühitə təsir edən amillərdəndir”, - deyə məktəb direktoru qeyd edib.
Şəki şəhər 12 nömrəli tam orta məktəbin direktoru Nəzakət Qəhrəmanzadə də sentyabrın 15-də şagirdləri vahid məktəbli formasında qarşılamağın pedaqoji kollektivlər üçün çox xoş olacağını vurğulayıb. Direktor deyib: “Vahid məktəbli geyim forması təhsil prosesində nizam-intizamlı mühitin formalaşmasına müsbət təsir göstərən amillərdən biridir. Təhsil işçisi olaraq qeyd etmək istərdim ki, məktəbli forması nizam-intizam, məktəbin atributudur. Şagirdlərin məktəbə formada gəlməsi onlarda şagird məsuliyyəti yaradır. Uşaq anlayır ki, o, əyninə bu formanı geyinib ancaq məktəbə gedə bilər. Bu mənada, məktəbli formasının xüsusi əhəmiyyəti var. Şagird səhər məktəbə gedərkən hansı geyimini geyəcəyini fikirləşmir. Anlayır ki, məktəblinin bir geyimi var, o da məktəbli formasıdır”.