Vaqif Sadıqov: Dünənki matçda hiss olundu ki, “Zirə” rəqabətin yüksək olduğu komandaya çevrilib
Bakı, 12 iyul, AZƏRTAC
“İlk rəsmi görüş olduğuna görə, istər-istəməz gözləntilərimiz çox idi. Sevindirici haldır ki, “Zirə” göstərdiyi oyunla özünü doğrultdu. Bunun nəticəsində layiqli qələbə əldə etdilər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin Moldova təmsilçisi "Şerif"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, “Zirə” səfərdə güclü rəqibə qarşı olduqca inamlı və etibarlı təsir bağışlayıb: “Öncədən də söyləmişdim ki, bu qarşılaşmada üstün tərəf “Zirə” olacaq. Onlar rəqibin özünü ən yaxşı tərəfdən göstərməyinə imkan vermədilər. David Volkov çox yaxşı çıxış etdi və sonda da matçın taleyini həll edən qələbə qoluna imza atdı. Müdafiəçilərimiz də həmçinin əla oyun nümayiş etdirdilər. Komanda “Şerif”in qarşısına hazırlıqlı formada çıxmışdı. Bundan artığına nail olmaq üçün Bakı təmsilçisi rəqabətə dözümlü bir kollektivə çevrilməlidir”.
O, iyulun 18-də komandalar arasında Bakıda keçiriləcək cavab qarşılaşması haqqında fikirlərini bildirib: “Cavab görüşündə son nöqtəni qoymaq üçün komandamız ciddi hazırlıq görməlidir. Bu oyun çox vacib olacaq. Psixoloji cəhətdən arxayınlaşmaq olmaz. Əks halda bu, böyük bir problemə çevrilə bilər. Amma Rəşad Sadıqov olan yerdə hər şeyin qaydasında gedəcəyinə inanıram. Onlar heç bir rəqibə yuxarıdan aşağı baxmırlar. Oyun üslubunu təkmilləşdirmək üçün “Zirə”yə ildən-ilə yeni və keyfiyyətcə üstün futbolçular cəlb olunur. Dünənki matçda da hiss olundu ki, “Zirə” rəqabətin yüksək olduğu kollektivə çevrilib. Rəqabət olan yerdə futbolçular da inkişaf edir və bu amil nəticəyə müsbət təsir göstərir. Ümid edirəm ki, doğma meydanda azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanaraq yolumuza davam edəcəyik”.
V.Sadıqov “qartallar”ın Moldova klubunu keçəcəyi təqdirdə, II raundda qarşılaşacağı mümkün rəqiblərindən biri olan “Elfsborq”la (İsveç) şanslarını da dəyərləndirib: “Klublarımızın hər biri olduqca inkişaf edib. Bu gün də hər bir yarışda müsbət nəticələrlə bunu sübut edirik. İndi “Elfsborq” fikirləşməlidir ki, “Zirə”ni üstələyə bilərik, ya yox. Rəqibin kimliyindən asılı olmayaraq, paytaxt klubu hər biri ilə mübarizə aparmağa və tam gücünü ortaya qoymağa hazırdır”.