Vaşinqtondakı Beynəlxalq Xəfiyyəçilik Muzeyində “Bond iş başındadır” adlı sərgi açılıb
Bakı, 1 aprel, AZƏRTAC
Vaşinqtondakı Beynəlxalq Xəfiyyəçilik Muzeyində “Bond iş başındadır” (“Bond İn Motion”) adlı sərgi açılıb.
Heç kimə sirr deyil ki, Ceyms Bond franşizasının hər bir pərəstişkarının bu seriyadan olan öz sevimli filmi, sevimli aktyoru, sevimli Bond rəfiqəsi və sevimli qadceti var. Ancaq pərəstişkarların bəlkə də ortaq məxrəcə gəldikləri yeganə fikir ondan ibarətdir ki, “Agent 007” və onun mübarizə apardığı bədxah canilərin istifadə etdiyi nəqliyyat vasitələri həqiqətən də bənzərsizliyi və möhtəşəmliyi ilə seçilir.
“Bond iş başındadır” sərgisinin ekspozisiyasına “EON Productions” arxivindən və Yan Fleminq Fondundan 17 simvolik “Agent 007” avtomobili daxil edilib.
Dərhal girişdə qonaqları ən gözəl və məşhur gümüşü rəngli, 1964-cü ildə Ceyms Bond seriyasından olan “Goldfinger” trillerində görüntülənən JB007 nömrəli “Aston Martin DB5” avtomobili qarşılayır. Sükan hidrogücləndiriciyə, avtomatik əl əyləcinə və digər gözlənilən xüsusiyyətlərə malik olmasa da, bu casus avtomobili pulemyotlar, təkər montaj dəzgahları, güllə keçirməyən qalxanlar, yağ injektorları, radar idarəetməsi üçün panel ekranı, fırlanan nömrə nişanı və katapult edə bilən oturacaqla təchiz olunub.
Muzeyin sərgi salonlarında isə avtomobil həvəskarları “Öl, amma indi yox” (2002) filmindəki “Aston Martin Vanquish” və parlaq yaşıl rəngli “Jaguar XKR”, “Mərhəmət kvantları”ndakı (2008) “Aston Martin DBS” və “Qızıl tapançalı adam”dakı (1974) “AMC Hornet”i görə bilərlər.
Beynəlxalq Xəfiyyəçilik Muzeyinin Böyüklər üçün proqramlar şöbəsinin direktoru Amanda Olkenin bildirdiyinə görə, ictimaiyyət ilk dəfə casusluqla (xəfiyyəçiliklə) pop mədəniyyət - təsəvvürümüzü canlandıran və tamaşaçıları daha çox xəyal qurmağa təşviq edən filmlər, televiziya serialları və kitablar vasitəsilə tanış olur.
“Hətta casus alətləri hazırlayan həqiqi kəşfiyyat xidmətləri belə bu ecazkar filmlərdən və nəqliyyat vasitələrindən ilhamlanıblar”.
Sərgidə “Q Branch” qarajından olan avtomobillər, motosikletlər, sualtı qayıqlar və digər nəqliyyat vasitələri ilə yanaşı, həmçinin rekvizitlər, irimiqyaslı modellər və filmlərdən fraqmentlər nümayiş olunur.
Sərgi 2025-ci ilin aprel ayına qədər davam edəcək.