Vəhşi təbiətə qarşı cinayətlərlə mübarizəyə əlavə 40 milyon ABŞ dolları cəlb olunub
Bakı, 11 iyun, AZƏRTAC
BMT-nin dəstəklədiyi tərəfdaşlıq fondu çərçivəsində vəhşi təbiət obyektlərinin qeyri-leqal ticarətinə qarşı qlobal mübarizə proqramının maliyyələşdirilməsinə əlavə 40 milyon ABŞ dolları ayırmaq qərara alınıb. Vəsait Afrika və Asiyanın 19 ölkəsində brakonyerliyə və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinə yönəldiləcək.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Qlobal Ekologiya Fondunun təsdiq etdiyi bu qərarın icrasına vəsait BMT İnkişaf Proqramı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, habelə BMT-nin Ətraf Mühit Proqramı və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu tərəfindən ayrılacaq.
Qlobal Ekologiya Fondu 10 ölkədə - Botsvana, Kamerun, Efiopiya, Qabon, Hindistan, İndoneziya, Mozambik, Konqo Respublikası, Tanzaniya və Zambiyada ekoloji cinayətlərə qarşı mübarizəyə dair layihələrin maliyyələşdirilməsi haqqında qərarı təsdiq edib. Hazırda yardım alan ölkələrin siyahısına Əfqanıstan, Keniya, Malavi, Mali, Filippin, Cənubi Afrika Respublikası, Tailand, Vyetnam və Zimbabve kimi ölkələrin adları da əlavə olunub.
BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru Ahim Ştayner deyib: “Təkcə heyvanlar və ekosistemlər deyil, insanlar da vəhşi təbiətə qarşı cinayətlərin qurbanı olur. Belə cinayətkar fəaliyyət iqtisadi bazanın dağılmasına, insan tələfatına gətirib çıxarır”.
UNEP-in ötən həftə təqdim edilən məruzəsində deyilir ki, əvvəlki hesablamalarla müqayisədə iqtisadi xarakterli cinayətlərin sayı bir il ərzində 26 faiz artıb. Hazırda bu sahədə qeyri-leqal ticarətin gəlirləri artaraq 90-258 milyard ABŞ dollarına çatıb, halbuki 2014-cü ildə 70-213 milyard ABŞ dolları civarında idi.
Təbiət əleyhinə cinayətlər nəticəsində əldə olunan gəlir təqribən 3 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilən qanunsuz atıcı silah ticarətindən olan gəlirləri üstələyir. Yalnız narkotik qaçaqmalçılığı, pulun saxtalaşdırılması və insan alveri ilə məşğul olan cinayətkarlar daha böyük gəlir götürürlər.