Vəkillər Kollegiyası sədrinin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul Universitetinin Hüquq fakültəsi tərəfindən nəşr olunan “İstanbul Hukuk Mecmuası” elmi jurnalında “Adli yardım hakkı ile bilgi edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar” adlı məqaləsi dərc olunub.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə hüquqi yardım və informasiya əldə etmək hüquqlarının qarşılıqlı təsirinin təhlili əsasında insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş institusional yanaşmalar irəli sürülüb. Bu yanaşmalar, xüsusən hüquqi yardımın effektivliyinin artırılması və informasiya əldə etmək hüququnun tam təmin olunması ilə bağlı əsas məsələlər vurğulanıb. Qeyd olunub ki, hüquqi yardım və informasiya əldə etmək hüquqları arasında mövcud olan əlaqə insan hüquqlarının müdafiəsi üçün mühüm rol oynayır və bu hüquqların təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hər bir hüquqi sistemin inkişafı üçün vacibdir.
Xatırladaq ki, “İstanbul Hukuk Mecmuası” nəzəri və praktiki hüquqi problemlərin elmi baxımdan təhlilini özündə birləşdirir. Jurnalda tədqiqat məqalələri ilə yanaşı, qanunvericiliyə dair təhlillər, məhkəmə qərarlarının hüquqi analizi və digər aktual məsələlər dərc olunur. Jurnal “Clarivate Analytics” bazasına daxildir.