VENESUELA PREZİDENTİ AMERİKANI ÇİN BOMBARDMANÇILARI İLƏ SİLAHLANMAQLA HƏDƏLƏYİR
Onun sözlərinə görə, Venesuela Çinin qırıcı və bombardmançı təyyarələri ilə maraqlanır. Çaves bu bəyanatı ABŞ Venesuelaya “Super Tukano” hücum təyyarələri satmaq istəyən Braziliyaya təzyiq göstərməyə başladıqdan sonra vermişdir. Məsələ ondadır ki, bu təyyarələr ABŞ texnologiyalarından istifadə olunmaqla istehsal edilmişdir, Vaşinqton isə Venesuelanı ABŞ-da hazırlanmış hərbi texnologiyalar göndərilməsi yasaqlanmış ölkələr siyahısına salmışdır.
Çavesin fikrincə, ABŞ-ın hərəkətləri qanunauyğun deyildir, çünki həmin maşınlar “təlim-məşq təyyarələridir”. Əslində isə, “Super Tukano” raket-bomba yükü daşımağa qadir döyüş təyyarəsidir.
Çaves bildirmişdir ki, Braziliya bu problemin öhdəsindən gəlməsə, Venesuela kömək üçün başqa ölkələrə, o cümlədən Rusiya və Çinə müraciət etməli olacaqdır.
Bu, onun ilk belə bəyanatı deyildir. O, Birləşmiş Ştatları öz ölkəsinin F-16 təyyarələri üçün ehtiyat hissələr göndərilməsinə əngəl törətməkdə qınayır. Prezident dəfələrlə açıqlamışdır ki, bu təyyarələrdən xilas olub, onları Rusiyanın Su və ya MiQ maşınları ilə əvəz etmək niyyətindədir. Keçən il noyabrın 1-də Çaves demişdir ki, F-16 qırıcılarını Kubaya və Çinə satmaq qərarına gəlmişdir (ABŞ bu ölkələrə də hərbi texnologiyalar göndərilməsini qadağan etmişdir).
Lakin Vaşinqton bildirmişdir ki, Venesuela ABŞ-dan ehtiyat hissələri və avadanlığı müntəzəm olaraq alır. Axırıncı dəfə ABŞ-dan Karakasa avadanlıq, daha doğrusu, katapult kresloları noyabrın əvvəllərində göndərilmişdir.
Uqo Çaves bu informasiyanı şərh etməmişdir.