VERGİ CİNAYƏTLƏRİ İLƏ MÜBARİZƏ APARILIR
Bir sıra şirkətlər tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən 19 cinayət işinə xitam verilmişdir. Ümumilikdə ötən il istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 6 milyon 647 min AZN vəsaitin ibtidai istintaq zamanı ödənilməsi təmin edilmişdir.
2005-ci il ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə təqsirli şəxslərin 484 min AZN məbləğində əmlakları üzərində həbs qoyulmuş, vergi ödəməkdən yayınma faktlarına dair cinayət işi başlanması rədd edilmiş materiallar üzrə büdcədən yayındırılmış 34,1 min AZN-in ödənilməsi təmin olunmuşdur. 2004-cü illə müqayisədə büdcəyə ödətdirilmiş vəsaitin həcmi 1,8 dəfə artmışdır.
Bundan başqa, əməliyyat axtarış tədbirləri nəticəsində vergi orqanların səlahiyyətinə aid olan cinayətlər törətdiyinə görə barələrində axtarış elan edilmiş 62 nəfər tapılaraq istintaq orqanlarına təhvil verilmişdir. Həmçinin vergi yoxlamalarından və vergi ödəyicisinin üzərinə düşən vəzifələrin icrasından yayınan 536 fiziki və hüquqi şəxs cinayət işi başlanmamışdan əvvəl tapılmışdır.