Vergi Xidmətinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 19 aprel, AZƏRTAC
Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı aktual məsələlərin müzakirə olunması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyıb.
Dəyirmi masada Dövlət Vergi Xidmətini Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, həmçinin mərkəzin əməkdaşları İmran Qarayev və Nazim Əliyev təmsil ediblər. M.Kazımov Tədris Mərkəzində dövlətin iqtisadi təhlükəsizliyi və hüquq-mühafizə fəaliyyəti üzrə kadr hazırlığı, bu sahədə mövcud imkanlar və qarşıda duran vəzifələr, İ.Qarayev isə dövlətin iqtisadi təhlükəsizliyinin milli təhlükəsizliyinin tərkib hissəsi olması mövzularında çıxış ediblər. Məruzələrdə Azərbaycanda həyata keçirilən çoxvektorlu iqtisadi siyasət çərçivəsində qanunvericilik bazasının təkmilləşməsi, icra edilən dövlət fiskal siyasəti və iqtisadi təhlükəsizliyin dayanıqlılığının təmin olunması qeyd edilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər milli Ordumuzun ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı, 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə aspektində dövlətimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məruzəsi dinlənilib.
Dəyirmi masada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin, eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.