Vətən müharibəsi iştirakçısı olan bir qrup idmançının gənclərlə görüşü olub
Bakı, 18 mart, AZƏRTAC
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin Vətən müharibəsinin iştirakçısı olan bir qrup idmançının gənclərlə görüşü keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş igidlərin gənc nəslə tanıdılmasıdır.
Rayon gənclər və idman idarəsinin rəisi Nadir Məmmədov və Birinci Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Vətən müharibəsində Qələbənin qazanılmasında Siyəzən rayonundan olan döyüşçülər də vətənpərvərlik, rəşadət və qəhrəmanlıq göstəriblər.
Vətən müharibəsinin iştirakçıları döyüş xatirələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.