Vətən müharibəsi qəhrəmanlarının şərəfli ömür yolu gənclər üçün əsl örnəkdir
Balakən, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şanlı zəfərlə başa çatan Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Balakənin igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə balakənli könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Belə igid oğullardan biri də ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Əliyev Fərid Vaqif oğludur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev balakənli gənclərin qonağı olub. Rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə rayonun fəal gəncləri iştirak ediblər.
Görüşün əvvəlində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə rayon icra hakimiyyəti aparatında müdir müavini Fariz Nəcəfov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, “Gənclər evi”nin direktoru Tale Şahverdiyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqları barədə danışıblar.
Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
Görüşdə Vətən müharibəsi dövründə xalqımızın vətənpərvərliyindən, gənclərin ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs olunub.