Vətən qəhrəmanları küçə həyatına məruz qalmış uşaqlarla bayram tədbirində iştirak ediblər
Bakı, 26 iyun, AZƏRTAC
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakının Binə qəsəbəsində yerləşən, küçə həyatına məruz qalmış, valideyn himayəsindən məhrum olmuş və sosial risk qrupuna aid uşaqlara xidmət göstərən “Ümid yeri” uşaq sığınacağında bayram tədbiri təşkil olunub. Tədbirə Vətən müharibəsi veteranları və müharibə iştirakçıları qonaq qismində dəvət ediliblər.
Bu barədə AZƏRTAC-a “Ümid yeri” uşaq sığınacağından məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sığınacağın direktor müavini Könül Nurullayeva Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, Vətən müharibəsində qazanılmış tarixi Qələbədən və 44 günlük savaşın xalqımızın yaddaşında qoyduğu silinməz izlərdən danışıb. O bildirib ki, bugünkü güclü Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin əsas təminatçısıdır. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Vətən müharibəsi veteranları İlkin Ağayev, Adışirin Şirinov, Yavər Məmmədli və Akif Məmmədli keçdikləri döyüş yolundan, Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələrindən bəhs ediblər. Onlar azyaşlılara Vətən sevgisinin, dövlətə bağlılığın və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışaraq, ölkəmizin gələcəyinin məhz sağlam, savadlı və vətənpərvər gənclərin əlində olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində “Ümid yeri”nin sakinləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub. Azyaşlılar Vətənə, dövlətə və Azərbaycan Ordusuna həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa edib, milli rəqslər nümayiş etdiriblər. Uşaqların çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bayram tədbirinin ən yaddaqalan məqamlarından biri müharibə veteranlarının azyaşlılarla birlikdə rəqs etməsi olub. Səmimi və duyğulu anlarla yadda qalan görüş uşaqlara xoş təəssüratlar bəxş edib.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, qazilərimizə və müharibə veteranlarına minnətdarlıqlarını ifadə ediblər.