“Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektor və müəllim heyəti “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim təşkil edib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, qeyd edilən mövzu üzrə təlimdə akademiyanın rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda mühazirə ilə çıxış edib. Daha sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” mövzularında mühazirəsini dinləyiblər.
Qeyd edilib ki, ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Bildirilib ki, dövlət başçısı vətəndaşlara və onların problemlərinin həllinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş məmnunluğu və bunun təmin olunması üçün nəzarətin gücləndirilməsinə xüsusi önəm verir.
Layihə ilin sonunadək davam edəcək və təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanmasını əhatə edir. Mövcud əməkdaşlıq memorandumu çərçivəsində Dövlət İdarəçilik Akademiyası fəaliyyətinin davamı olaraq 2021-ci ildə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlər keçirir.