VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞ VƏ YABANI HALDA BİTMİŞ ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə ilə tutulmuş Tofiq Cəfərovun evinə baxış zamanı 1,305 qram, Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşları isə Abşeron rayon sakini Cabbar Hümbətovdan 0,245 qram heroin götürmüşlər.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Balakən rayon sakini Rafiq Dostəliyevdən 0,5 qram, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini İlkin Həsənovdan 0,976 qram heroin aşkar edərək götürmüşlər.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları Cülyan kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi 1450 kiloqram olan 2900 ədəd kənaf kolu, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları isə Safıkürd kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 431 kiloqram olan 1230 ədəd çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Əli Bayramlı kəndinin ərazisindən yabanı halda bitmiş, çəkisi 1270 kiloqram olan 3150 ədəd çətənə kolu yığaraq məhv etmişlər.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Rahib Əliyevdən 0,4 qram həşiş götürülmüş, narkotik vasitəni ona vermiş rayon sakini Sevdiyar Əzimov tutulmuş, ondan 10 qram həşiş müsadirə edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.