Veteran futbolçu: “Neftçi”nin gücü “Qarabağ”la oyunlarda bilinəcək
Bakı, 29 yanvar, AZƏRTAC
“Çempionatda III dövrə yeni start götürdüyü üçün komandalar optimal formada deyil”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev Azərbaycan Premyer Liqasının XX turunun oyunlarını şərh edərkən deyib.
50 yaşlı mütəxəssis bildirib ki, açılış matçında “Turan Tovuz”un “Səbail”i 3:1 hesabı ilə məğlub etməsi sürpriz nəticə deyildi: Meydan sahibləri normal futbol nümayiş etdirdilər və haqlı qələbə qazandılar. “Səbail” çempionata inamlı başlamışdı. Bəzi oyunlarda şans onların tərəfində oldu. Ona görə də xallar, qələbələr qazandılar. Buna baxmayaraq, “dənizçilər”i avrokuboklara iddialı komanda hesab etmirəm”.
Onun sözlərinə görə, “Kəpəz” - “Qarabağ” (1:2) görüşünün ilk dəqiqəsindən qonaqlar oyun üslubuna görə rəqibdən üstün idi: “Ancaq bu üstünlüyü qolla tamamlaya bilmirdilər. İkinci hissədə Gəncə təmsilçisi rəqib qapısına yol tapa bildi. Lakin matçın sonlarına yaxın Ağdam klubu öz iddiasını həm taktika, həm də ki yekun nəticə ilə sübut etdi. Hesab bərabərləşdikdən sonra Yassin Benzia zədələndi və “Qarabağ” meydanda 10 nəfərlə qaldı. Bununla belə, oyunun taleyinə təsir edən qolu vurdu və layiqli qələbəyə sevindi. Hətta deyərdim ki, hazırda “Qarabağ”ın çempionatda rəqibi yoxdur. “Kəpəz”də isə yeni baş məşqçi Adil Şükürovun gəlişindən sonra fərq hiss olunur. Əvvəlki çalışdırıcı Azər Məmmədov yeni komanda yığmışdı, amma nəticə qənaətbəxş olmadı. Adil müəllim futbolçulara motivasiya verir və bunun nəticəsidir ki, komanda yaxşı oyun nümayiş etdirir”.
B.Musayev turun əsas qarşılaşmasının “Zirə və “Sabah” (0:1) komandaları arasında oynanıldığını qeyd edib: “Çünki hər iki komanda qələbəyə iddialı idi. “Sabah” çempionata uğursuz start versə də, komandanın növbəti turlarda yaxşı nəticələr əldə edib, yuxarı pillələrdə qərarlaşacağına əminəm. “Zirə” isə uzun müddətdir qələbə qazana bilmir. Bəzi matçlarda bəxtləri gətirmir. Son turda “Sabah”dan üstün görünürdülər. Lakin yaratdıqları qol vəziyyətlərindən istifadə edə bilmədilər. Nəticədə qonaqlar meydanda 10 nəfərlə qalsalar da, çox vacib qələbə qazandılar”.
Keçmiş yarımmüdafiəçinin fikrincə, “Araz- Naxçıvan” - “Sumqayıt” (1:1) görüşünün ədalətli nəticəsi elə heç-heçə idi: “Sumqayıt” turnir cədvəlində meydan sahiblərindən üst pillədə olsa da, meydanda xal fərqi hiss olunmurdu. Demək olar ki, başabaş mübarizə gedirdi. Heç bir tərəf böyük üstünlüyə malik deyildi. Matç gözlənilən nəticə ilə başa çatdı”.
Mütəxəssis “Neftçi”nin “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməsində “ağ-qaralar”ın yeni baş məşqçisi Miodraq Bojoviçin ciddi rolunun olmadığını söyləyib: “Ağ-qaralar” bu görüşdə qələbə qazanmağa borclu idi. Çünki “Qəbələ” mövsümə çox pis start verib. Bölgə təmsilçisinin uğursuz nəticələrdən sonra turnir cədvəlinin sonuncu pilləsində yer alması təəccüb doğurmur. “Neftçi”nin gücü “Qarabağ”la oyunlarda bilinəcək. Bir neçə turdan sonra yeni baş məşqçinin nəyə qadir olduğunu geniş müzakirə edə bilərik. “Neftçi” artıq birinci pilləni unudub. Çünki liderlə arasında xal fərqi böyükdür. Ən azından ikinci yerdə qərarlaşmağa borcludurlar. Təbii ki, bu, asan olmayacaq. Çünki “Sabah” toparlanacaq, “Zirə” də yarışdan qopmayıb. İkinci yer uğrunda mübarizə “Neftçi” üçün çətin olacaq”.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 47 xalla “Qarabağ” başçılıq edir. Son çempion ikinci pillədəki “Neftçi”ni 15, üçüncü sıradakı “Sumqayıt”ı 16 xal qabaqlayır.