VETERANI 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞLƏR
Yubiley tədbiri Azərbaycan Silahlı Qüvvələri orkestrinin ifasında “Şəfqət bacısı” mahnısı ilə başlanmışdır.
Toplaşanlar ümummilli liderimiz, Prezident Heydər Əliyevin, habelə Böyük Vətən müharibəsində və Qarabağ döyüşlərində həlak olanların xatirəsini bir dəqiqəlik şükutla yad etmişlər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası sədrinin birinci müavini A.Qritçenko qısa məruzə ilə çıxış edərək, Dürrə Məmmədovanın həyatından və xidmətlərindən söhbət açmışdır. O uzaq illərdə cəbhəyə Azərbaycandan 10 min qadın çağırılmışdı. Onlardan təkcə Stalinqrad uğrunda döyüşlərə görə 100 nəfəri mükafatlandırılmışdır. O zaman Dürrə xanımın cəmi 17 yaşı var idi. Nuxa (Şəki) Əczaçılıq Texnikumunu təzəcə bitirmiş gənc qız könüllü olaraq cəbhəyə yollanmış və müharibənin sonunadək döyüşmüşdür. Müharibədən sonra da uzun müddət Leninqradda, Sevastopolda, Port-Arturda, Çində hərbi xidmətini davam etdirmişdir.
Dostları və silahdaşları öz döyüş yoldaşı barədə çoxlu xoş sözlər demiş, onun Vətən qarşısında xidmətlərini xüsusi vurğulamışlar. Dürrə xanım əməkdar səhiyyə işçisi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası rəyasət heyətinin üzvüdür. “Azərbaycan qadını” jurnalı onu ilin qadını elan etmiş, adı “Azərbaycan ensiklopediyası”na, “XX əsrin əsgərləri”, “Azərbaycan qadınları” nəşrlərinə daxil edilmişdir. Prezident Heydər Əliyev də Dürrə xanımın Vətənə sədaqətli xidmətini yüksək qiymətləndirirdi.
Veteranlar hərəkatının fəallarından olan Dürrə Məmmədova yaşına baxmayaraq, indi də ön sıralardadır. Təkcə ötən il ərzində o, 29 rayonda görüşlər keçirmişdir. Gənclərin qayğıları Dürrə xanımı daha çox narahat edir. Buna görə də onu tez-tez mənktəblərdə görmək olar.
Yubilyara Hərbi Dəniz Qüvvələri komandanlığı və Veteranlar Şurası, Yasamal Rayon İcra Hakimiyyəti, müxtəlif nazirliklər, respublika Hərbi Komissarlığı adından fəxri fərmanlar təqdim edilmişdir. Mərasimə toplaşanlar yubilyara tər çiçək dəstələri, xatirə hədiyyələri bağışlamış, ona cansağlığı və uzun ömür arzulamışlar.
Dürrə xanım Məmmədova yubiley gecəsinə gələnlərə təşəkkürünü bildirmişdir.